Valyuta məzənnəsi: $ 1.7 € 1.9673 ₽ 0.023573 ₺ 0.0368
AZ EN RU

Xəbərlər

SOCAR-ın Xidmətlərin İdarəedilməsi Departamentinin rəhbərinin CPC-yə səfəri

8 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Xidmətlərin İdarəedilməsi Departamentinin rəhbəri Rüfət Rzayev “Azneft” İstehsalat Birliyinin “Neft Daşları–Çilov–Şah Dili” layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanış olmaq məqsədilə CPC-nin istehsalat sahəsinə səfər etmişdir.

Səfər zamanı CPC rəhbərliyi tərəfindən layihənin cari vəziyyəti, görülmüş işlər, boruların qəbulu prosesi, istehsalat hazırlığı, beton örtükləmə işlərinin gedişatı və növbəti mərhələlər barədə ətraflı təqdimat keçirilmişdir. Eyni zamanda müəssisənin ümumi əməliyyat hazırlığı, istehsalat prosesinin təşkili, keyfiyyətə nəzarət mexanizmləri və layihənin vaxtında icrası üçün görülən tədbirlər barədə məlumat verilmişdir.

Rüfət Rzayev səfər çərçivəsində beton örtükləmə xətti, laboratoriya, boruların saxlanıldığı sahə və anod quraşdırılması üzrə müvafiq stansiya ilə tanış olmuşdur. İstehsalat sahəsinə baxış zamanı beton örtük tətbiqi prosesi yerində nümayiş etdirilmiş, örtüklənmiş borulara baxış keçirilmiş və zavodda tətbiq olunan texnoloji prosedurlar barədə ətraflı izah verilmişdir.

Səfər zamanı həmçinin müəssisədə çalışan əməkdaşlarla müzakirələr aparılmış, işçilərin ümumi iş şəraiti, sahədə əməliyyatların təşkili və istehsalat prosesində iştirak edən komandaların fəaliyyəti ilə bağlı məsələlərə diqqət yetirilmişdir. Görüş çərçivəsində əsas əməliyyat prioritetləri, layihənin icrası üzrə qarşıda duran fəaliyyətlər və istehsalat prosesinin davamlılığı ətrafında fikir mübadiləsi aparılmışdır.

Rüfət Rzayev tərəfindən CPC rəhbərliyinə layihənin növbəti mərhələlərinin effektiv icrası, əməliyyat intizamının qorunması, keyfiyyət standartlarına riayət olunması və işlərin müəyyən olunmuş qrafikə uyğun davam etdirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Səfər səmərəli müzakirələr, dəyərli tövsiyələr və faydalı fikir mübadiləsi şəraitində başa çatmışdır. Göstərilən diqqət və verilən tövsiyələr layihənin növbəti mərhələlərinin daha effektiv və koordinasiyalı şəkildə icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.